MƏDƏNİYYƏT
Heydər Əliyev Sarayından daha bir yenilik
Bakı, 26 aprel, AZƏRTAC
Heydər Əliyev Sarayı öz təşəbbüsü ilə mədəniyyət müəssisələri və təşkilatları arasında daha bir ilkə imza ataraq sarayın mobil tətbiqini istifadəyə verib.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqsəd IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Azərbaycan Qran-prisi və Bakı Şopinq Festivalı kimi mötəbər tədbirlərin keçiriləcəyi müddətdə ölkəmizə gələcək xarici qonaqlara, turistlərə və yerli tamaşaçılara beynəlxalq standartlara uyğun, ən yüksək səviyyəli xidmət göstərməkdir. IOS və Android əməliyyat sistemli mobil cihazların istifadəçiləri Heydər Əliyev Sarayının mobil tətbiqini “App Store” və “Google play”dən yükləyə bilərlər.
Xarici qonaqlar, turistlər və yerli tamaşaçılar bu tətbiq vasitəsilə Heydər Əliyev Sarayı haqqında və afişa bölməsində burada keçiriləcək təbdir və konsertlər barədə ətraflı informasiya ala bilərlər. İstifadəçilər mobil tətbiq vasitəsilə Heydər Əliyev Sarayının “Facebook”, “İnstagram”, “Youtube” səhifələrini və sarayın saytını izləmək imkanı əldə edəcəklər. Eyni zamanda, e-bilet bölməsindən Heydər Əliyev Sarayında keçirilən bütün tədbir və konsert proqramlarına onlayn bilet əldə edə biləcəklər.