REGİONLAR
“Heydər Əliyev Universiteti”nin yaradılmasının 20 illiyi qeyd olunub
Naxçıvan, 3 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) elmi şurasının qərarı ilə 1997-ci il martın 6-da yaradılan Heydər Əliyev Universiteti milli dövlətçilik, milli ideologiya, siyasi mədəniyyət və tərbiyə məktəbidir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri ali təhsil ocağında Heydər Əliyev Universitetinin yaradılmasının 20 illiyi münasibətilə keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib.
Saleh Məhərrəmov Azərbaycan xalqının milli müstəqillik uğrunda çoxəsrlik mübarizəsindən, bu yolda ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi hərbi, iqtisadi, sosial, ideoloji tədbirlərdən, milli müstəqilliyimizin bugünkü nailiyyətlərindən danışıb. Qeyd edib ki, lektoriyanın fəaliyyət göstərdiyi 20 il ərzində Ümummilli Liderin məqsədyönlü və çoxillik dövlətçilik fəaliyyətinə həsr edilmiş məşğələləri dinləyicilər tərəfindən maraqla qarşılanıb.
“20 illik dövlətçilik məktəbi” adlı çıxışında Heydər Əliyev Universitetinin məsul işçisi Şərəbanı Məmmədova lektoriyanın ayda bir dəfədən az olmayaraq keçirilən məşğələlərindən, Ulu Öndərin milli düşüncə və dövlətçilik idealları ilə zəngin olan fikirlərindən, nümayiş olunan sənədli filmlərdən, elmi-nəzəri və praktik konfranslardan danışıb. Qeyd olunub ki, bir–biri ilə üzvi surətdə bağlı olan dörd bölmədə fəaliyyət göstərən universitet lektoriya, kitabxana, videoteka və muzeydən ibarətdir. Heydər Əliyev Universitetinin kitabxanası NDU-nun elmi kitabxanasının tərkibində ayrıca bir şəbəkə kimi fəaliyyət göstərir. Həmçinin lektoriyanın indiyədək 10 mindən artıq dinləyicisi olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda “Heydər Əliyev irsi” adlı film nümayiş etdirilib.