ORDU
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışı olub
Bakı, 14 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyunun 14-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının 2017-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Ali Hərbi Məktəbin, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların yaxınları iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə Nazirliyinin nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov əlamətdar gün münasibətilə müdavimləri və onların valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Nizam Osmanov bildirib ki, ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuza göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimiz sürətlə inkişaf edir. Bu gün ordu quruculuğu dövlətimizin başçısının diqqət mərkəzindədir. Ordunun döyüş hazırlığı səviyyəsinin artırılması, onun müasir hərbi texnika və vasitələrlə gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Müdafiə Nazirliyi rəhbərliyinin keçirdiyi tədbirlər və gördüyü işlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi gündən- günə təkmilləşir və inkişaf edir. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə tədris sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatlar müsbət nəticələr verməkdədir. Məktəbin maddi tədris bazası bütün müasir tələblərə tam cavab verir. Burada hazırlıqlı vətənpərvər kadrların hazırlanması üçün hər cür şərait yaradılıb. Biz bundan sonra da bütün imkanlardan istifadə edib Ali Hərbi Məktəbin tədris sisteminin təkmilləşdirilməsi üçün işləri davam etdirəcəyik. Hərbi təhsil sisteminin daim inkişaf etdirilməsi ordumuzun yüksəkixtisaslı zabit kadrlarla təmin olunmasının qarantıdır. Burada xidmət edən hər bir zabit, gizir, həmçinin çalışan müəllimlər və təhsil alan kursantlar dövlətin adına layiq olmaqla üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər.
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Silahlı Qüvvələrin hansı vəziyyətdə olmasından asılıdır. Bunun üçün siz Silahlı Qüvvələrin sıralarına gənc zabitlər kimi daxil olmaqla ordumuza yeni nəfəs, yeni ruh, döyüş əzmi gətirməlisiniz. Düşmən hiss etməlidir ki, siz hər sahədə həmişə ondan üstünsünüz. Vətənə sədaqətiniz, ana torpağa, ailəyə bağlılığınız, xalqımıza və dövlətimizə məhəbbətiniz sonsuzdur. Bu gün Azərbaycanın güclü və sarsılmaz ordusu var. 2016-cı ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirib. Bu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Aprel döyüşləri nəticəsində işğaldan azad edilən ərazilərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək”, - deyə N.Osmanov bildirib.
Nizam Osmanov Silahlı Qüvvələrimizin sıralarına daxil olan gənc zabitlərin hazırlanmasında böyük əməyi olan professor–müəllim heyətinə göstərdikləri qayğıya görə təşəkkür edib. O, diplom və leytenant rütbəsi almaları münasibətilə kursantları təbrik edib, onlara Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar arzulayıb.
Sonra ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub.
Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.
Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.