CƏMİYYƏT
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda faşizm üzərində Qələbənin 70-ci ildönümü qeyd olunub
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, zavodun direktoru Ayaz Qarayev faşizm üzərində qələbənin əldə olunmasında azərbaycanlıların göstərdikləri igidlik və şücaətdən danışıb. 700 min nəfərə yaxın Azərbaycan vətəndaşının iştirak etdiyi II Dünya müharibəsində 300 mindən çox həmvətənimizin həlak olduğunu deyən A.Qarayev həmin illərdə ön və arxa cəbhədə göstərilən fədakarlıqlardan söz açıb, arxa cəbhədə Azərbaycan neftçilərinin əməyini xüsusi qeyd edib. Bildirilib ki, Bakı nefti, Azərbaycan neftçilərinin fədakarlığı olmasaydı, Sovet İttifaqı bu müharibədə qələbə qazana bilməzdi.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 9 May Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edildiyini xatırladan zavodun direktoru Qələbənin 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamları veteranlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Digər çıxış edənlər bildiriblər ki, ümummilli lider Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın oğul və qızlarının 1941-1945-ci illərdə qəhrəmanlıqlarına verilən qiymətin göstəricisidir.