REGİONLAR
Heydər Əliyev adına Hərbi Liseyin kursantları “Yay məktəbi”ndə
Şahbuz, 4 avqust, AZƏRTAC
Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə növbəti “Yay məktəbi” fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Hərbi Liseyin 45 kursantının iştirak etdiyi “Yay məktəbi”nin ilk günündə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilən dövlət gənclər siyasəti və bu sahədə görülən ardıcıl tədbirlərdən danışıb, “Yay məktəbi”nin təşkil olunmasında məqsədin gənclərin yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət olduğunu bildirib.
Qeyd olunub ki, bu gün muxtar respublikada gənclərin hərtərəfli inkişafı, asudə vaxtının səmərəli təşkili, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb.
Nicat Babayev “Yay məktəbi”nin fəaliyyətə başlaması münasibətilə iştirakçıları təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Kursantlar onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
“Yay məktəbi”nin ikinci günündə kursantlar müxtəlif idman yarışlarında iştirak edib, vətənpərvərlik mövzusunda film izləyiblər.
“Yay məktəbi”nin üçüncü günündə isə Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiya təşkil olunub. Qoruqla tanışlıq buradakı muzeydən başlayıb. Məlumat verilib ki, muzeydə qoruq ərazisindəki flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruqda 2899 bitki növü yayılıb ki, bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb.
Beş gün davam edəcək “Yay məktəbi”ndə gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə müxtəlif idman yarışları, müsabiqələr, Şahbuz rayonu ərazisindəki tarixi abidələrə gəzinti təşkil olunacaq, intellektual yarışlar keçiriləcək və Azərbaycan filmləri nümayiş etdiriləcək.