İQTİSADİYYAT
Heydər Əliyev adına İdman Arenası Avropa standartlarına uyğun yenidən qurulur VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Bakının Tbilisi prospektində yerləşən və paytaxtın memarlıq incilərindən biri sayılan Heydər Əliyev adına İdman Arenası Bakı-2015 birinci Avropa Oyunlarının iştirakçılarını qəbul etməyə hazırlaşır.
Avropa Oyunlarına hazırlıq mərhələsində Heydər Əliyev adına İdman Arenasında yenidənqurma və əsaslı təmir işləri gedir. Bu işləri yerli “A+A” şirkətinin mütəxəssisləri icra edir. Ümumilikdə altı mərtəbəli idman arenasında işçilərin az gözə dəyməsi mühüm işlərin artıq yekunlaşmasını göstərir. Mən burada əvvəllər də bir neçə dəfə olmuşam. Lakin belə əsaslı dəyişikliklərin baş verəcəyini yəqin ki, heç kim gözləmirdi...
Demək olar ki, əvvəlki binadan əsər-əlamət qalmayıb. Oturacaqlar tamamilə yenilənib, texniki köməkçi və şərhçi otaqları yaradılıb və arenanın hər iki tərəfində nəhəng monitorlar quraşdırılıb. Fəxri qonaqlar üçün VİP otaqlar da tam hazırdır.
Yenidənqurma işlərinə 2014-cü ilin dekabrında başlandığını deyən şirkətin iş icraçısı Natiq Mikayılov da təsdiqlədi ki, 7100 tamaşaçı tutumuna malik kompleksdə əsaslı dəyişikliklər edilib və oturacaqların sayı artırılıb.
“Hazırda burada 250-270 işçi çalışır. Fasad işləri görülən zaman isə işçilərin sayı 500 nəfərədək idi. Fasad layihəsi yerli şirkət tərəfindən hazırlanıb və 6 ay ərzində metal konstruksiyalardan yığılıb. Həmçinin 12 min kvadratmetr sahə İtaliya istehsalı olan membran örtüklə örtülüb. Daha sonra işıqlandırma işlərinə başlanılacaq”, deyə N.Mikayılov bildirib.
Şirkət təmsilçisi vurğulayıb ki, indi son tamamlama işləri görülür və fevralın sonunadək işlər başa çatdırılacaq.
İşin gedişi ilə tanışlıq zamanı məlum oldu ki, arenada əlilliyi olan insanlar üçün xüsusi yerlər və pantuslar düzəldilib. KİV nümayəndələrinin oyunları izləmək üçün də xüsusi yerlər hazırlanıb, iki mətbuat mərkəzi yaradılıb.
Xarici avadanlıqlarla təchiz olunan Heydər Əliyev adına İdman Arenası Avropa standartlarına tam uyğunlaşdırılıb. Avropa Oyunları zamanı kompleksdə güləş və cüdo yarışları keçiriləcək. Bu idman növlərinin hər birində təqribən 400 idmançı mübarizə aparacaq. N.Mikayılov burada ilk dəfə olaraq dopinq nəzarət otağının da fəaliyyət göstərəcəyini söyləyib.
İdmançıların qidalanması üçün işıqlı, eləcə də istilik sistemi və hər cür avadanlıqla təmin olunmuş yeməkxana tam hazırdır. Tamaşaçılar üçün 8 qida məntəqəsi xidmət göstərəcək, idman həvəskarlarına su, şirniyyat və s. təklif olunacaq.
İdmançıların soyunub-geyinmə otaqları da müasirliyi ilə fərqlənir. Sahəsi 2500 kvadratmetr təşkil edən bu otaqda sauna kabinələri qoyulub ki, bu da idmançıların yarışdan əvvəl öz çəkilərini nizamlamağa xidmət edəcək. Sahəsi 750 kvadratmetr olan püşkatma zalı isə yanğından mühafizə, havalandırma sistemi ilə tam təmin edilib.
Nəhəng idman qurğusu kənardan da çox əzəmətli görünür. Əminliklə deyə bilərik ki, Heydər Əliyev adına İdman Arenası həm də bir sənət əsəri kimi paytaxtımıza xüsusi gözəllik verəcək.