İQTİSADİYYAT
Heydər Əliyev adına NEZ-də yenidənqurma işləri 2019-2020-ci illərədək davam etdiriləcək
Bakı, 29 aprel, AZƏRTAC
Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yenidənqurma və tikinti işləri 2019-2020-ci illərə qədər davam etdiriləcək.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin prezidenti Rövnəq Abdullayev Heydər Əliyev adına NEZ-in yenidənqurma və modernləşdirmə layihəsi üzrə qərargahın növbəti iclasında iştirak edib.
NEZ-in yenidənqurma və modernləşdirmə işlərinin vahid mərkəzdən idarəedilməsi üçün yeni tikilmiş ofisin binalarına baxış keçirən SOCAR-ın prezidentinə məlumat verilib ki, obyekt zavod və layihənin idarəedilməsi üzrə podratçı qismində cəlb edilmiş “SOCAR-KBR” mütəxəssislərindən ibarət nümayəndələrin, İlkin Detallı Layihələndirmə (FEED) işləri üzrə podratçısı qismində layihəyə cəlb edilmiş “Amec-Foster Willer” və “Socar-FW” Mühəndis Xidmətləri Alyansının təmsilçilərinin və digər mütəxəssislərin birgə fəaliyyəti üçün nəzərdə tutulub.
Sonra R.Abdullayevin rəhbərliyi ilə Heydər Əliyev adına NEZ və “Azərikimya” İB-nin modernləşdirmə və yenidənqurma tədbirləri ilə əlaqədar fəaliyyət göstərən qərargahın iclası keçirilib. SOCAR-ın prezidenti Heydər Əliyev adına NEZ-də həyata keçirilən yenidənqurma işlərinin əhəmiyyətini yüksək qiymətləndirib, layihə çərçivəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının həyata keçiriləcəyini və bunun da nəticəsində zavodda “Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft məhsulları istehsal olunacağını bildirib.
R.Abdullayev mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma və tikinti işləri çərçivəsində artıq bir neçə müqavilənin imzalandığını, həmçinin texnoloji layihələndirmə paketlərinin hazırlanma işlərinin yekunlaşmaq üzrə olduğunu söyləyib.
İclasda layihələr üzrə görülmüş işlər barədə hesabat dinlənilib, növbəti aylarda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb. SOCAR-ın prezidenti işlərin sürətləndirilməsi ilə əlaqədar aidiyyəti struktur bölmələrinə və rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.