ELM VƏ TƏHSİL
Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər və Özünüidarə İnstitutunda Bilik günü
Kiyev, 1 sentyabr, AZƏRTAC
Sentyabrın 1-də Regionlararası Heyətin İdarə olunması Akademiyasında (RHİA) Bilik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu ali məktəb Ukraynanın ən iri özəl ali təhsil ocağıdır. 2000-ci ildən onun nəzdində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Ukrayna-Azərbaycan Sosial Elmlər və Özünüidarə İnstitutu müvəffəqiyyətlə fəaliyyət göstərir. RHİA və nəzdindəki institut dünyanın 39 ölkəsindən, o cümlədən Azərbaycandan olan tələbələr üçün “alma-mater”ə çevrilib.
Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev yeni tədris ilinin başlanması münasibətilə keçirilən bayram tədbirindən əvvəl RHİA-nın direktoru, siyasi elmlər doktoru, professor İvan Bidzyuranın müşayiəti ilə Heydər Əliyevin adını daşıyan ali məktəb qarşısında ulu öndərin büstü önünə tər çiçəklər qoyub.
Sonra Azərbaycan diplomatı çoxsaylı tədbir iştirakçıları – xalq deputatları, Ukrayna hakimiyyət orqanlarının müxtəlif qollarının nümayəndələri, RHİA-nın rektorluğu, professor-müəllim heyəti, tələbələri, Ukraynanın tanınmış mədəniyyət və elm xadimləri, ölkə ictimaiyyətinin nümayəndələri qarşısında təbrik nitqi ilə çıxış edib.
N.Əliyev çıxışında bildirib ki, bu bayram günü Heydər Əliyev adına Ukrayna-Azərbaycan Sosial Elmlər və Özünüidarə İnstitutunun fəaliyyət göstərdiyi və Ümummilli Liderimizin büstünün qoyulduğu RHİA-da olmaq onun üçün çox xoşdur.
Diplomat vurğulayıb ki, bu mötəbər akademiyada yüzlərlə azərbaycanlı tələbə təhsil alır. RHİA Azərbaycandan olan tələbələrin sayına görə Ukraynanın ali təhsil ocaqları arasında birinci yeri tutur. O deyib: “Əminəm ki, bu meyil davam edəcək. Axı, bizi çox şey birləşdirir”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev