İQTİSADİYYAT
Heydər Əliyev adına neft emalı zavodunda topoqrafik tədqiqat işlərinə başlanılıb
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Dövlət Aerogeodeziya Müəssisəsi MMC arasında bağlanan müqaviləyə əsasən Heydər Əliyev adına neft emalı zavodunun ərazisində topoqrafik tədqiqat işlərinin - birinci dərəcəli geodeziya işarələrinin quraşdırılması mərhələsinə start verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanacaq enerji təhlükəsizliyinin etibarlı təminatı, daxili və xarici bazarlar üçün rəqabət qabiliyyətli neft məhsullarının istehsalı, avtomobil benzinləri və dizel yanacağının “Avro-5” ekoloji standartlarının tələblərinə cavab verməsi, neft emalı məhsullarına ölkə daxili tələbatın uzunmüddətli təmin edilməsi, istismar xərclərinin azaldılması və gəlirliyin artırılması, “Azərkimya” İB-nin xammal ilə etibarlı təmin olunması, ekoloji mühitin sağlamlaşdırılması məqsədilə yaxın gələcəkdə neft emalı zavodunda yenidənqurma işləri aparmaqla müasir texnoloji qurğular inşa ediləcək.
Bu məqsədlə SOCAR və Dövlət Aerogeodeziya Müəssisəsi MMC arasında bağlanan müqaviləyə əsasən zavodun ərazisində topoqrafik tədqiqat işlərinin - birinci dərəcəli geodeziya işarələrinin quraşdırılması mərhələsinə başlanılıb. Zavodun ərazisində yeni geodeziya və nivelir məntəqələrinin koordinat yüksəkliklərinin təyin edilib hesablanması, nivelir nişanlarının quraşdırılması işləri nəzərdə tutulan birinci pilləli sahə işlərinin qrafikinə daxildir və bu istiqamətdə işlər sürətlə davam etməkdədir.
Növbəti mərhələdə bu işlərin davamı olaraq, zavodda topoqrafik tədqiqatın həyata keçirilməsi üçün texniki təkliflərini təqdim edən SOCAR-Foster Wheeler və SOCAR-Fugro LLC Birgə Müəssisələrinin mütəxəssislərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə zavodun yeni texnoloji qurğularının inşa olunacağı ərazilərdə görüləcək topoqrafik tədqiqat işlərinin aparılması üçün qabaqlayıcı tədbirlər, sağlamlıq, ətraf mühitin qorunması, texniki təhlükəsizlik və sair məsələlər müzakirə olunub. Slaydlar vasitəsilə geniş informativ təqdimat keçirilib və görüləcək işlərin qrafik cədvəli təqdim olunub.