SİYASƏT
Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi
Bakı, 13 iyul, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı ilə birgə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə “Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi” mövzusunda tədbir keçirib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səsləndirilməsindən sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi” adlı film nümayiş olunub.
YAP Nizami rayon təşkilatı “Respublika GEM” ərazi ilk partiya təşkilatının sədr əvəzi, rayon təşkilatı Şurasının üzvü Ziyəddin Kazımov bildirib ki, 48 il əvvəl - 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlanıb.
“Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi” mövzusunda məruzə ilə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, ümummilli lider Heydər Əliyevin böyük səyləri, Vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı həmin dövrdə bəhrəsini verib. Ulu öndər Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrilib. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edilib, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı mənzil tikintisi layihələri həyata keçirilib. Bu, deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixi oldu.
Rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev qeyd edib ki, Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanılıb, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Heydər Əliyev uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova vurğulayıb ki, Ümummilli Lider bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoyub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlardan sonda partiyaya üzv olmuş gənclərə vəsiqələr, “Heydər Əliyev Məktəbi”nin məzunlarına sertifikatlar, YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında iştirak edən bir qrup fəala fəxri fərmanlar təqdim olunub.