CƏMİYYƏT


“Heydər Əliyev-gənclik-multikulturalizm” beynəlxalq konfransının yekun nəticələri müzakirə edilib

Bakı, 17 may, AZƏRTAC

Mayın 10-11-də Almaniyanın Auqsburq şəhərində Ulu Öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq nəzəri-praktik konfransın yekun nəticələri ilə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) toplantı keçirilib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev konfransın yüksək səviyyədə keçirilməsi istiqamətində əməyi olan qurumlara minnətdarlığını bildirib. Dövlət müşaviri deyib: “Ulu Öndərin xatirəsinə gözəl bir hədiyyə kimi təqdim etdiyimiz bu konfrans ölkə rəhbərliyi tərəfindən də son dərəcə müsbət qarşılanıb. Mən elə güman edirəm ki, bu konfransı reallaşdırmaqla biz Azərbaycan multikulturalizminin siyasi banisi olan Ulu Öndərin ruhu qarşısında olan mənəvi borcumuzun kiçik bir hissəsini bu şəkildə ödəmiş olduq.

Faktiki olaraq bizim mənəvi cəhətdən yüksək sayılan bütün işlərimizin əsas məqsədi ondan ibarətdir ki, bu gün və gələcəkdə harada olmalarından asılı olmayaraq Azərbaycanla bağlı bizdən əvvəl dostlarımız öz səsini ucaltsın, bizim dərdlərimizdən, problemlərimizdən, layihələrimizdən dostlarımız söz açsın. Biz artıq bunun elementlərini görürük. Auqsburqda keçirilən bu konfrans faktiki olaraq həmin o insanların formalaşmasında çox ciddi bir addım oldu. Sabah bu gənclər Azərbaycanla bağlı hər hansı bir istiqamətdə, hər hansı bir təxribata cavab verməyə hazır olan insanlardır. Bu istiqamətdə görülən işlər Azərbaycanın gələcəyinin daha da möhkəm, cəsarətli və ləyaqətli olmasına doğru atılan bir addımdır. Bu tədbir özlüyündə Ulu Öndərə olan məhəbbətin ifadəsi idi. Amma Ulu Öndərin böyüklüyü həm də ondadır ki, biz ondan çıxış edərək Azərbaycanın dostlarının daha da yaxınlaşmasına doğru növbəti siyasi-ideoloji bir addım atdıq.

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov formatına, məzmununa və təşkilati səviyyəsinə görə konfransı yüksək qiymətləndirib: “Ən maraqlısı o idi ki, konfransda Azərbaycanın gənc dostları müxtəlif xalqların və fərqli dinlərin daşıyıcıları olmalarına baxmayaraq, hamısı bir ailənin övladları kimi son dərəcə səmimi münasibətdə idilər. Bu səmimiyyət o konfransın təməl daşı idi. Mən orada bir daha şahid oldum ki, onların Azərbaycan multikulturalizmi fənnindən öyrəndikləri çox şey var. Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri Salomeya Lukayte və Dimitrios Asproulisin moderatorluğu ilə keçirilən bölmə iclasları xüsusilə diqqətimi çəkdi. Konfransın proqramına uyğun olaraq tədbirin sonuna qədər məruzələr maraqla dinlənildi, səmimi müzakirələr aparıldı. Bu mühüm konfransa görə Dövlət müşaviri Kamal Abdullayevə xüsusi minnətdarlığımı bildirirəm”.

M.F.Axundzadə adına Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbirdən zəngin təəssüratlarla ayrıldığını deyib: “Dünyanın müxtəlif ölkələrindən gələn gənclər Azərbaycan, onun multikulturalizm modeli haqqında sevgi ilə, maraqla, çox ürəkdən çıxış edirdilər. O gənclər yaşa dolanda, ən müxtəlif dairələrdə təmsil olunanda belə Azərbaycan sevgisi onların ürəyində qalacaq. Azərbaycanın gənc dostlarının simasında, sözün əsl mənasında, gələcəyin lobbiləri hazırlanır. Biz hamımız çalışmalıyıq ki, Azərbaycanın gənc dostlarının sayı gələcəkdə daha da artsın”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu konfransı Azərbaycanın gələcəyinə qoyulmuş sərmayə kimi dəyərləndirib: “Məşhur bir ifadə var: əgər uzaq gələcəyə sərmayə qoymaq istəyirsinizsə, insan yetişdirin. Düşünürəm ki, biz azərbaycanpərəst insan yetişdirməklə düz yoldayıq. Auqsburqda keçirilən konfrans yay və qış multikulturalizm məktəblərindən başlayan böyük bir prosesin tərkib hissədir. Bu proses təkcə konfranslar, görüşlər formatında deyil, bu, böyük bir platforma, böyük bir hədəfdir. “Heydər Əliyev-gənclik-multikulturalizm” dövlət əhəmiyyətli strateji layihənin bir elementidir. Bu möhtəşəm prosesin gələcəkdə də davam edəcəyinə inanıram”.

BBMM-in layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyev Azərbaycanın gənc dostlarının təşəbbüsü, BBMM, Auqsburq Universiteti və “Run Group”un təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Almaniya, İsveçrə, İtaliya, İsrail, Rusiya, Gürcüstan, Litva, Yunanıstan, Estoniya, Rumıniya, Bolqarıstan, Makedoniya, İndoneziya, Portuqaliya, ABŞ, Polşa və Çexiyanın 17 nüfuzlu universitetindən onlarla tələbənin, 12 əcnəbi və azərbaycanlı alimin, dövlət və hökumət rəsmilərinin, dini icma rəhbərlərinin, ziyalıların iştirak etdiklərini bildirib. Şöbə müdiri ikigünlük konfrans zamanı 4 bölmədə iclasların davam etdiyini, günün ikinci yarısında nümayəndə heyətinin Auqsburqdakı sinaqoq, məscid və kilsələrlə tanış olduğunu qeyd edib.

Telekörpü vasitəsilə tədbirə bağlanan Auqsburq Universitetinin filologiya və tarix fakültəsinin professoru Klaus Vulf və BBMM-in Drezden filialının icraçı direktoru Bircit Vaysgerber konfransla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Diqqətə çatdırılıb ki, Almaniyanın qədim multikultural şəhərlərindən olan, katolik, protestant, lüteran, yəhudi və müsəlmanların əsrlərdir bir arada yaşadığı Auqsburqda bu konfransın təşkil olunması əlamətdar hadisədir. Bu konfrans Azərbaycan və Ausburqdakı multikultural mühitə daha yaxından bələd olmaq, onları müqayisə etmək, ortaq dəyərlərimizi qiymətləndirmək baxımından qiymətli bir təcrübədir. Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə inteqrasiyası baxımından “Heydər Əliyev-gənclik-multikulturalizm” konfransı çox önəmli bir layihədir.

Sonda Azərbaycanın Gənc Dostlarının Prezident İlham Əliyevə ünvanlanmış müraciəti oxunub.

Müraciətdə deyilir: “Möhtərəm cənab Prezident. Biz – dünyanın müxtəlif ölkələrindən olan Azərbaycanın Gənc Dostları 2017-ci il mayın 10-11-də Almaniyanın multikulturalizm mərkəzlərindən biri olan Auqsburqda unudulmaz xoş günlər keçirdik, bir-birimizi daha yaxından tanıdıq, ulu öndər Heydər Əliyevin xatirəsini anmaq üçün öz təşəbbüs və istəyimizlə beynəlxalq nəzəri-praktik konfransa toplaşdıq.

Azərbaycanın və dünyanın 17 ölkəsinin universitetlərini təmsil edən, Azərbaycanın Gənc Dostları Klubunun üzvü olan onlarla tələbə Azərbaycanın multikulturalizm modeli, ölkədəki tolerant mühit və bu istiqamətdəki uğurlu dövlət siyasəti haqqında fikirlərini, eyni zamanda, təəssüratlarını bir-biri ilə bölüşdülər. Bu konfransın keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın Gənc Dostlarının növbəti mənəvi birliyinin parlaq təcəssümü oldu.

Sizin Sərəncamınızla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bir daha göstərir ki, günəşli ölkənizdə fərqli mədəniyyətlərə mənsub insanlar arasında heç bir ayrı-seçkilik yoxdur. Sizin təşviqinizlə həyata keçirilən Beynəlxalq Multikulturalizm Qış və Yay Məktəbinin iştirakçıları kimi qatıldığımız tədbirlər, ölkənizdəki müxtəlif ibadət evlərini ziyarət Azərbaycanın multikultural və tolerantlıq məkanı olması barədə universitet auditoriyalarında eşitdiklərimizin əyani təsdiqi oldu.

“Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən tələbələrin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində yaradılıb. Bu gün birliyin 200-dən çox üzvü var. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi və bütövlükdə, haqq işinin dəstəklənməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyət göstərir, müxtəlif tədbirlər həyata keçirir. Biz hamıya çatdırmağa çalışırıq ki, Azərbaycan xalqı və dövləti ölkə ərazisində əsrlərdən bəri mövcudluğunu sürən etnik, dini fərqliliyə bəslədiyi şəfqət, sevgi və qayğıya görə, ümumiyyətlə, misilsiz multikultural dəyərləri, nadir multikulturalizm modeli ilə dərin ehtirama layiqdir. Beləliklə, BBMM və Auqsburq Universitetinin təşkilatçılığı ilə bu konfransı keçirməklə biz – Azərbaycanın Gənc Dostları bir daha Azərbaycan xalqına və dövlətinə öz sayğımızı ifadə etmiş olduq.

Cənab Prezident, Sizə bildirmək istəyirik ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu konfransdan zəngin təəssüratla ayrılır, yenə də qəlbimizdə özümüzlə Azərbaycan sevgisi aparırıq. Sizə və Prezidenti olduğunuz Odlar Diyarına sonsuz sevgi ilə”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.