QAN YADDAŞI
“Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi azərbaycanlıların soyqırımına həsr olunub
İsmayıllı, 30 mart, AZƏRTAC
İsmayıllıda fəaliyyət göstərən “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin, o cümlədən ağsaqqalların və gənclərin iştirak etdikləri məşğələni məktəbin direktoru Fərman Bəşirov açıb, soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Mövzu ilə əlaqədar tarixçi, Əməkdar müəllim Ramiz Baloğlanovun, tarix müəllimləri Hacalı Səlimovun, Ülkər Süleymanovanın, Şahin Kərimovun məruzə və çıxışları dinlənilib. Vurğulanıb ki, ermənilər indiki İsmayıllı ərazisindəki Tircan, Mücü, Bizlan, Sulut, Qıçatan, Zeyvə, Maçaxı, Sərdahar, Zərnəva, Tağlabiyan, Kəlfərəc, Kürdüvan, Diyallı, Kürdmaşı, Xankəndi, Hacıhətəmli, Mollaisaqlı və digər kəndləri də soyqırımına məruz qoyublar. Belə ki, təkcə Tircan kəndində 360, Mücü kəndində 230, Bizlan kəndində 200 nəfər erməni şovinistləri tərəfindən qətlə yetirilib. Sərdahar, Zərnəva, Xankəndi, Maçaxı, Tağlabiyan, Kəlfərəc, Qıçatan, Sulut və Zeyvə kəndləri də daxil olmaqla, 1029 nəfər soyqırımının qurbanı olub.
Qeyd olunub ki, İsmayıllının Mübariz Orucov küçəsi ilə Nizami Gəncəvi küçəsinin kəsişdiyi yerdə ucaldılan, azərbaycanlıların soyqırımına həsr olunan “Ana harayı” abidəsi bu gün hər bir sakinin, xüsusən məktəblilərin ziyarətgahına çevrilib.
Sonda ermənilər tərəfindən törədilən soyqırımlarını əks etdirən sənədli film göstərilib.