SİYASƏT
Heydər Əliyev irsi elmi yanaşmalara əsaslanan dövlətçilik məktəbidir
Bakı, 9 dekabr, AZƏRTAC
Xətai rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib.
Əvvəlcə tədbir iştirakçıları Xətai rayonu ərazisində ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatı sədrinin müavini, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitlik yaradılmasında, dünyada Azərbaycanın nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Buna görə də Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu kimi daxil olub.
YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov qeyd edib ki, dünyanın hansı tərəfindən nəzər salsaq ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəmzi kimi görünür. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi, yaradıcısı və qurucusudur. Ümummilli Lider özündən sonrakı dövr üçün də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi və yaradıcısıdır. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Heydər Əliyev irsi elmi yanaşmalara əsaslanan dövlətçilik məktəbidir. Ulu Öndər tarixin çətin və kəşməkəşli yollarında xalqını ciddi sınaqlardan uğurla çıxarıb, zəhməti, zəkası, fitri istedadı ilə Azərbaycan Respublikasının dünya birliyində özünə layiqli yer tutmasına zəmin yaradıb.
Digər çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev zamanın fövqündə dayanan, tarix yaradan nadir şəxsiyyət, güclü xarizmatik lider, fenomenal siyasətçi və dövlət xadimi olub.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.