ELM VƏ TƏHSİL
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçiriləcək
Bakı, 15 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçiriləcək.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, dərslərin təşkilinin əsas məqsədi Ulu Öndərin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasıdır.
Dərslər 2017-ci ilin yanvar-may aylarında paytaxtın 12 rayonu üzrə 37 mərkəzdə tədris olunacaq. Dərslərdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 305, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 18 və paytaxtda yerləşən məcburi köçkün məktəblərində təhsil alan 20 min 741 nəfər XI sinif şagirdi iştirak edəcək.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər məşğul olacaqlar.
Məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından böyük əhəmiyyət daşıyan bu dərslər şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmalarına xidmət edir.