REGİONLAR
“Heydər Əliyev kuboku” turnirinin iştirakçıları Heydər Əliyev Muzeyini ziyarət ediblər
Naxçıvan, 26 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turniri mayın 26-da Naxçıvan Muxtar Respublika Stadionunda start götürüb.
AZƏRTAC xəbər verir ki, turnirin çərçivəsində ilk görüşlər Naxçıvan Muxtar Respublika Stadionunda “Araz-Naxçıvan” komandası ilə İmişlinin “Mil-Muğan” kollektivi arasında, Zaqatalanın “Zaqatala” komandası ilə Bakının Mərkəzi Ordu İdman Klubu (MOİK) arasında keçiriləcək.
Muxtar respublikaya gələn turnir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Onlara məlumat verilib ki, muzeyin fondunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4600-dən çox eksponat toplanıb. Onların sırasında Ulu Öndər tərəfindən qəbul edilən qərar və sərəncamlar, imzalanan protokol və müqavilələr, həmçinin məktub və teleqramlar var. Bu eksponatlar dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə dolğun təsəvvür yaradır.
Qonaqlar ulu öndər Heydər Əliyevin həyatından müxtəlif məqamları əks etdirən fotoşəkillərə, dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətinə, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi, Moskvada Sovet İttifaqının ali rəhbərliyində çalışdığı dövrlərə, 1990-1993-cü illərdəki fəaliyyətinə, Ermənistanın ölkəmizə təcavüzünün nəticələrini aradan qaldırmaq sahəsində gördüyü işlərə həsr olunmuş stendlərə böyük maraqla baxıblar.