REGİONLAR
“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunub
Naxçıvan, 26 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusuna həsr olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixinin öyrənilməsi, bununla bağlı arxiv sənəd və materiallarda əks olunan məlumatların xalqımıza çatdırılması istiqamətində ulu öndər Heydər Əliyevin atdığı addımlardan söz açıb. İ.Hacıyev milli-tarixi yaddaşımızın bərpa edilməsi istiqamətində Ümummilli Liderin “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında” 1998-ci il yanvarın 30-da və “Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında” 2003-cü il fevralın 1-də imzaladığı sərəncamları xatırladıb, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci 16 may tarixli Sərəncamının əhəmiyyətini qeyd edib.
Diqqətə çatdırılıb ki, Ulu Öndər hər zaman xalqımızın dövlətçilik tarixində parlaq rol oynamış AXC-nin, cümhuriyyət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət verib, müstəqil Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu qeyd edib.
Lektoriyada bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərlinin mövzu ilə bağlı çıxışı dinlənilib.