REGİONLAR
Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib
Naxçıvan, 20 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin milli təhlükəsizlik siyasəti və strategiyası bu gün onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının “Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti” mövzusunda növbəti məşğələsində universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib.
Rektor ulu öndər Heydər Əliyevin hələ SSRİ dövründə təhlükəsizlik orqanlarındakı fəaliyyətindən, milli maraqlarımızın qorunması naminə göstərdiyi xidmətlərdən danışıb.
“Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti” mövzusunda çıxış edən universitetin Azərbaycan tarixi kafedrasının dosenti Nadir Hüseynbəyli respublikamızın müstəqilliyinin əsaslarının Ulu Öndərin dövlət təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi vaxtlarda qoyulduğunu önə çəkərək qeyd edib ki, dahi şəxsiyyət həmişə müstəqil Azərbaycanın iqtisadi, elmi, texniki və hərbi imkanlarının formalaşdırılmasına böyük önəm verib. Ümummilli Liderin dövlət təhlükəsizlik orqanlarında apardığı milli kadr islahatının nəticəsidir ki, dövlətçiliyimizin möhkəmləndirilməsinə uğurla xidmət edən böyük ziyalı nəsli yetişib.
İncəsənət fakültəsinin II kurs tələbəsi Səyyad Məmmədov məruzəsində ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətinin Naxçıvan dövründən bəhs edib. Qeyd olunub ki, böyük şəxsiyyətin təhlükəsizlik orqanlarında milli əsaslara söykənən iyirmi beş illik möhtəşəm fəaliyyətinin Naxçıvan dövrü bütün zamanların ən böyük Azərbaycanlısının ideal həyat salnaməsinin qiymətli səhifələrinə, tariximizin şərəfli mərhələsinə çevrilib. Müstəqil dövlətimizin bu günü və gələcəyi Ulu Öndərimizin əbədiyaşar siyasi kursunun, şanlı ideyalarının şəfəqlərinə bürünüb.