REGİONLAR
Heydər Əliyev parlaq istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb
Şəmkir, 13 iyul, Famil Quliyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı silsilə tədbirləri davam etdirir. Növbəti tədbir YAP Şəmkir rayon təşkilatının inzibati binasında keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoyduğunu bildirib.
Qeyd olunub ki, Heydər Əliyev öz parlaq istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb və işıqlı gələcəyə aparan yolları müəyyən edib. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədr müavini Ayaz İbrahimov bildirib ki, hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində olub. Ulu Öndərin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olunub. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri - bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.
Digər çıxışlarda qeyd olunub ki, Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.