İQTİSADİYYAT
Heydər Əliyev prospekti yan yolda işlər yekunlaşır
Bakı, 28 aprel, AZƏRTAC
Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində həyata keçirilən kompleks tədbirlər yekunlaşmaq üzrədir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə kanalizasiya sistemi qurulub, yolun kənarında isə yaşıllıq zonası salınır.
Aprelin 29-dan etibarən Heydər Əliyev prospekti əsas yol kimi, prospektin Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsi də tam yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək.
Həmçinin Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də yenidənqurma işləri həyata keçirilir. Piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilir.