SİYASƏT


Heydər Əliyev şəxsiyyəti bütün dövrlər və nəsillər üçün əbədilik statusu qazanıb

Bakı, 10 dekabr, AZƏRTAC 

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri də “Azərbaycanı davamlı tərəqqi və yüksəliş yoluna çıxaran Ümummilli Lider” mövzusunda konfrans olub.

Konfransda çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıb. O deyib ki, Heydər Əliyev şəxsiyyəti bütün dövrlər və nəsillər üçün əbədilik statusu qazanıb.

Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizin və xalqımızın taleyində oynadığı misilsiz rolun, yerinə yetirdiyi böyük işlərin, yaratdığı sabitliyin və əmin-amanlığın, iqtisadi strategiyanın, ideoloji təməlin əhəmiyyəti illər ötdükcə daha aydın görünür. Ulu Öndər vətənimiz üçün tarixin ən çətin sınaq dönəmində mühüm işlər görüb.

1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndərin qarşısında ən müxtəlif çeşidli problemlər dururdu. Onları həll etmədən yenicə bərpa edilmiş müstəqilliyə dönməz və qəti xarakter vermək, dövlətçilik ənənələrini dirçəltmək, bütün cəmiyyət üçün qanunların prioritetini təmin etmək, düzgün və balanslaşdırılmış xarici siyasi xətt yeritmək qeyri-mümkün idi. Bu qayıdışı ilə Ulu Öndər Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün milli intibahının şərəfli mərhələsini yaşayır. Dinamik inkişaf edən ölkəmizin hərtərəfli yeniləşməsinə xidmət edən əzəmətli layihələr uğurla həyata keçirilir.

Konfransda Ümummilli Liderin zəngin həyat yolundan, müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, dünyada nüfuzunun artması istiqamətində gördüyü işlərdən ətraflı bəhs edilib.

Sonra Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyorlarının ifasında Ulu Öndərə həsr olunmuş “Qurtuluş” tamaşası təqdim olunub.

Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin təbliğində fəal iştirak etdiyinə görə Dövlət İdarəçilik Akademiyası və Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına Fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.