CƏMİYYƏT
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri vardır VİDEO
Bakı, 7 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Heydər Əliyev məktəbinin lektoriyası” çərçivəsində toplantı keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsinə Akademiyanın həyətində ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində xüsusi yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və siyasi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında müstəsna rol oynayıb. Dövlətimizin gücləndirilməsinin, ordu quruculuğunun, respublikamızda ictimai-siyasi vəziyyətin sabitləşməsinin, sosial-iqtisadi nailiyyətlər qazanılmasının Ulu Öndərin adı ilə bağlı olduğunu söyləyən Akademiya rəisi ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolunun hər bir vətəndaş üçün böyük örnək olduğunu diqqətə çatdırıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycan tarixinin bir qərinəsinin dünya şöhrətli siyasi xadim Heydər Əliyevin idarəçilik illəri ilə bağlı olduğunu vurğulayaraq qeyd edib ki, Ulu Öndər həyatını təhlükə altında qoyaraq xalqın israrlı tələblərinə səs verib və onun ən ağır vaxtlarında köməyinə çatıb. Qeyd olunub ki, Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Ulu Öndərin mütərəqqi siyasətinin mahir davamçısı Prezident İlham Əliyevin gərgin əməyi sayəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib.