SİYASƏT
Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın xilaskarıdır
Tbilisi, 9 may, AZƏRTAC
“Heydər Əliyevi Gürcüstanda da yaxşı tanıyırlar və sevirlər. O, elə böyük şəxsiyyət, siyasi xadim, dərrakəli insan idi ki, onu sevməmək olmazdı”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində ulu öndər Heydər ƏIiyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirdə səslənib.
Tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyevin Tbilisiyə səfərlərini, keçirdiyi görüşləri, fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən fotolardan ibarət sərgiyə baxıblar.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, müasir Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi rolu olub. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionun inkişafının əsasını qoyub.
Abxaziya Muxtar Respublikası Hökuməti başçısının müşaviri xanım Maqvala Berianidze deyib ki, xalqımızın Ümummilli Lideri ilə ilk tanışlığı 1980-ci illərə, Bakı Ali Partiya Məktəbində oxudu dövrə təsadüf edib. Sonradan Heydər Əliyevin Gürcüstana səfərləri zamanı Ulu Öndərlə bir neçə dəfə görüşdüyünü bildirən xanım Maqvala Berianidze deyib: “Heydər Əliyev çox güclü yaddaşa malik dahi şəxsiyyət idi. Onun zəngin dövlətçilik təcrübəsi, gələcəyə nikbin baxışları, qüdrəti və parlaq zəkası nəticəsində Azərbaycan və Gürcüstan dünyada öz layiqli yerlərini tutdular. Gürcü xalqı Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacaq və onun adı daim qəlblərdə yaşayacaq”.
Gürcüstan-Qafqaz Strateji Təhqiqatlar İnstitutunun prorektoru Simon Kopadze diqqətə çatdırıb ki, Azərbaycan ilə Gürcüstan daim regionda sülhün, tərəqqinin və inkişafın tərəfdarları olublar. Bu gün Azərbaycan-Gürcüstan dostluğu təkcə Cənubi Qafqazda deyil, bütün dünyada nümunədir. Biz bu dostluğu qorumalı və daha da möhkəmləndirməliyik.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi