MƏDƏNİYYƏT
“Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda elmi-mədəni tədbir
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Muzey Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda elmi-mədəni tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Ümummilli Liderin Azərbaycan mədəniyyətinin inkişafına diqqət və qayğısından söhbət açıb. Bildirib ki, bu günlərdə Azərbaycanın hər yerində ulu öndər Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər keçirilir. Ölkəmizin elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin diqqət və qayğısı hiss olunmasın. Mədəniyyətimizin, incəsənətimizin və milli musiqimizin inkişafına da ümummilli lider Heydər Əliyev hər zaman diqqət və qayğı göstərirdi. Nazir deyib: “Ulu öndər Heydər Əliyevin məhz xüsusi fəaliyyəti nəticəsində 2000-ci ildə Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Azərbaycan xalqı bu böyük mədəni hadisə ilə öz milli mənsubiyyətini dünyada təsdiqləməyə müvəffəq oldu. Ölkəmizin mədəniyyətinin, tarixinin dünyada təbliğ edilməsinin nəticəsi olaraq indi bir çox milli-mənəvi sərvətimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Təsadüfi deyil ki, bəşəriyyətə məxsus olan bu incilər sırasında min illərdən bəri xalqımızın yaratdığı, qoruyub inkişaf etdirdiyi aşıq sənəti də var”.
Nazir vurğulayıb ki, Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin dünyada tanıdılması və təbliğ olunması istiqamətində əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi Məhərrəm Qasımlı “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti”, professor Qəzənfər Paşayev isə “Milli-mənəvi sərvətlərimizin bənzərsiz himayəçisi” mövzularında məruzələrlə çıxış ediblər. Ustad aşıqlardan Əməkdar mədəniyyət işçiləri, Prezident təqaüdçüləri İsfəndiyar Rüstəmov, Əhliman Rəhimov və Prezident təqaüdçüsü Mahmud Məmmədov çıxış edərək Heydər Əliyevin aşıq sənətinə göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Tədbir aşıq musiqisindən ibarət konsert proqramı ilə davam edib. Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu “Ana yurdum”, Əli Tapdıqoğlu “Heydər baba”, Solmaz Kosayeva “Ata Heydərim”, Haşım Qubalı “Xilaskarımız Heydər baba”, Gözəl Kəlbəcərli “Ulu Heydərimiz” və “Misri” qrupunun ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” səsləndirilib.