REGİONLAR
“Heydər Əliyev zirvəsi”nə yürüşlərə 400-dən çox peşəkar və həvəskar idmançı qatılıb VİDEO
Xaçmaz, 10 may, Elxan Yusifli, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Heydər Əliyev zirvəsi”nə təşkil olunan kütləvi yürüşlərə 400-dən çox peşəkar və həvəskar idmançı qatılıb.
AZƏRTAC xəbər verir ki, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə kütləvi yürüşlərə mayın 5-dən start verilib. Yürüşlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX), Azərbaycan Dağçılıq Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Son illərdə ənənə halını alan bu aksiyaya qoşulanların sayı hər il artır. Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar zirvəni fəth edənlərin sayının 600-ə yaxın olacağı gözlənilir.
İştirakçılar Şahdağ Milli Parkında yaradılan Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq, bələdçilərin müşayiəti ilə ayrı-ayrı qruplarla “Heydər Əliyev zirvəsi”nə doğru yürüşə başlayırlar. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin olunmasına və təlimatlandırılmasına FAİREX rəhbərlik edir.
Yürüşə qatılanlar arasında ölkəmizin müxtəlif bölgələrinin, nazirlik, müəssisə, idarə və təşkilatlarının nümayəndələri, eləcə də xarici ölkə təmsilçiləri də var. İştirakçılar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən sertifikatla təltif olunurlar.
“Heydər Əliyev zirvəsi”nə kütləvi yürüşlər mayın 11-dək davam edəcək.