SİYASƏT
Heydər Əliyevin iradəsi sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan layihəsi Cənubi Qafqazın inkişafında xüsusi rol oynayır
Bu fikri ABŞ-ın Karnegi Fondunun direktoru Tbilisidə keçirilən konfransda söyləyib
Tbilisi, 28 iyun, AZƏRTAC
İyunun 28-də Tbilisidə “Qafqaz regionunda geosiyasi dəyişikliklər” mövzusunda konfrans işə başlayıb.
ABŞ-ın Karnegi Fondunun Gürcüstan hökuməti ilə birgə təşkil etdiyi tədbirin məqsədi Cənubi Qafqazdakı geosiyasi vəziyyəti müzakirə etmək və qiymətləndirməkdir.
İki gün davam edəcək tədbirdə aparıcı beynəlxalq qurumların nümayəndələrinin Cənubi Qafqaz ölkələrindəki vəziyyətə dair məruzələri dinləniləcək.
Karnegi Fondunun direktoru Eugene Rumer çıxışında regionda həyata keçirilən irimiqyaslı layihələrə, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətinə toxunub. O deyib: “Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin möhkəm siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi bu gün Qafqazın inkişafında xüsusi rol oynayır. Məhz Heydər Əliyev kimi bir siyasi xadimin gərgin əməyinin nəticəsidir ki, Cənubi Qafqaz dünyaya inteqrasiya edir”.
E.Rumer regionda həyata keçirilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi–Qars dəmir yolu layihələrinin də əhəmiyyətini qeyd edib.
Konfransda regiondakı münaqişələrə də toxunulub. Qeyd olunub ki, Gürcüstanın və Azərbaycanın ərazilərinin işğal olunması bu regionun inkişafına ciddi maneə törədir. İşğal altında olan ərazilər azad edilməli, münaqişələr ədalətli həllini tapmalıdır. Məhz bundan sonra regionun tam inkişafından və dünyaya inteqrasiyasından danışmaq mümkündür.
Tədbirdə iştirak edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov çıxış edərək neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri barədə məlumat verib. O, jurnalistlərə açıqlamasında deyib ki, konfransdakı çıxışında Azərbaycan Prezidentinin praqmatik siyasəti nəticəsində ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən mühüm işlər barədə məlumat verib.
Konfrans işini iyunun 29-da panel iclaslarda davam etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi