SİYASƏT


“Heydər Əliyevin milli siyasəti” kitabı qırğız dilində çapdan çıxıb

Bişkek, 6 dekabr, AZƏRTAC 

Ulu öndər Heydər Əliyevin xatirəsinin anım günü ərəfəsində Hidayət Orucovun “Heydər Əliyevin milli siyasəti” kitabı qırğız dilində çapdan çıxıb.

Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi bioqrafiyasının nisbətən az işlənmiş, lakin olduqca önəmli bir hissəsinin - milli siyasət sahəsindəki fəaliyyətinin araşdırılması və şərhinə həsr edilən monoqrafiya ilk dəfə 2001-ci ildə Azərbaycan və rus, sonralar türk, ingilis, ərəb (iki dəfə) və gürcü dillərində nəşr olunub. Qırğız Respublikasının çoxmillətli və çoxkonfessiyalı, həmçinin rus dilinin ölkənin ikinci rəsmi dili olduğu nəzərə alınaraq, əsərin rus dilinə tərcüməsi də kitaba daxil edilib.

Qırğızıstanın “Turar” nəşriyyatında nəfis şəkildə çapdan çıxan monoqrafiyada milli müstəqillik konsepsiyası və praktikası, demokratik Azərbaycan cəmiyyətinin dünyaya inteqrasiyası prosesi araşdırılır. Əsərin fəlsəfi-siyasi publisistika üslubunda səlis və aydın dildə yazılması bütünlükdə xüsusi peşə hazırlığı keçməyənlər üçün çox çətin bir sahənin - milli siyasət sahəsinin problemlərinin geniş oxucu auditoriyası tərəfindən rahat anlaşılmasına imkan yaradır. Kitab siyasətçilər, siyasi tədqiqatlarla məşğul olan elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, ümumiyyətlə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Müəllif “Qırğız oxucusuna” sərlövhəli “Ön söz”də ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolundan bəhs etməklə yanaşı, dahi şəxsiyyətin keçmiş SSRİ-nin əsas rəhbərlərindən biri kimi bütün İttifaqda yüksək nüfuza malik olduğunu bildirir, Ulu Öndəri dünya şöhrətli, uzaqgörən siyasi xadim kimi xarakterizə edir. Topluda Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı, dövlətimizin dirçəlişi və xalqımızın birliyi üçün gördüyü təkrarolunmaz fəaliyyətindən müfəssəl bəhs olunur.

Müəllif ulu öndər Heydər Əliyevin türk dünyasına məhəbbəti, TDƏŞ, TÜRKSOY, TÜRKPA kimi türk xalqlarını birləşdirən beynəlxalq təşkilatların yaranması üçün apardığı işlər, Azərbaycanın Qırğızıstan və ümumiyyətlə Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələrinin qurulması və inkişafı yolunda fəaliyyəti, həmçinin qırğız xalqına xüsusi diqqət və məhəbbətlə yanaşdığını qeyd edir. Ulu öndər Heydər Əliyevin “Manas” – bizim ümumi dilimizdə yazılıb. Biz kökü bir, dili bir olan xalqlarıq”, - sözü oxucuların diqqətinə çatdırılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüslərindən danışan müəllif yazır ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələrini yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.

Müəllif ulu öndərin Heydər Əliyevin azərbaycançılıq ideyasının gerçəkləşməsi, dünya azərbaycanlılarının təşkilatlanmasında misilsiz xidmətlərindən, habelə ötən əsrin 30-cu illərində repressiyanın qurbanı olan yurddaşlarımızın Qırğızıstanda hörmətlə qarşılanmasından, indi bu ölkədə soydaşlarımızın fəaliyyətindən ətraflı söz açır.

Nəşrdə Azərbaycan həqiqətləri, ölkəmizin dünya miqyasında nüfuz sahibi olmasında ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin əvəzolunmaz xidmətləri haqqında söhbət açılır.

“Ön söz”də hazırda Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın möhkəmləndirilməsinin və inkişafının dövlətlərimizin başçıları İlham Əliyevin və Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindən olduğu vurğulanır.

Kitabın fotoalbom hissəsində ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlərdən, Qırğızıstana səfəri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana işgüzar səfəri, türkdilli ölkələrin dövlət başçılarının ölkəmizə səfərlərini əks etdirən tarixi fotolar yer alıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.