CƏMİYYƏT


Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar inkişafın  Azərbaycan modelini formalaşdırdı

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclası açan alay komandiri, polis general-mayoru Zaur Abdullayev 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən danışaraq bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmizdə anarxiya, xaos hökm sürürdü. Belə ağır vəziyyətdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin Bakıya dəvət olunduğu, bundan sonra ölkədə ictimai-siyasi sabitlik yarandığı, Ulu Öndərin müdrik siyasəti nəticəsində sosial-iqtisadi və siyasi inkişafa nail olunduğu, dövlətçiliyimizə yönəlmiş qəsdlərin qarşısının hər dəfə qətiyyətlə alındığı diqqətə çatdırılıb.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nuru Məmmədov bildirib ki, Ümummilli Liderin rəhbərliyi ilə hələ 1969-1982-ci illərdə ictimai həyatın ən müxtəlif sahələrindəki köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində şanlı səhifələr yazıb. Ölkəmiz qısa müddətdə ittifaqın qabaqcıl respublikalarından birinə çevrilib, onlarla zavod, fabrik, istehsalat sahələri yaradılıb, 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə başlayıb.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etsə də, bu istəyini reallaşdıra, dövrün doğurduğu ağır problemlərin öhdəsindən gələ bilməyib. Nəticədə iqtisadi tənəzzül dərinləşib, xalqın yaşayış səviyyəsi pisləşib, qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının qorunmasında ciddi problemlər yaranıb. Xüsusən də 1992-ci ilin mayında silahlı yolla hakimiyyətə gələn AXC-Müsavat rəhbərliyinin siyasi səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına - siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı.

1993-cü ilin iyununda xalqın tələbi ilə Ulu Öndərin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə, hüquqi, siyasi və iqtisadi islahatlara başlanılıb, ictimai-siyasi sabitlik bərqərar olub. Qısa vaxtda yüksək döyüş qabiliyyətli, vahid komandanlıqdan idarə olunan ordu yaradılıb, Silahlı Qüvvələrimizin ilk həmləsində Horadiz qəsəbəsi və ətraf yaşayış məntəqələri işğaldan azad edilib.

Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın, mahiyyət etibarilə, yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.