SİYASƏT
Heydər İsmayılov: V Bakı Qlobal Forumu əvvəlki illərin və müasir dövrün liderləri ilə görüşməyə imkan verir
Bakı, 18 mart, AZƏRTAC
Martın 17-də V Bakı Qlobal Forumu çərçivəsində “Gənclər danışır, biz dinləyirik” mövzusunda plenar sessiya keçirilib.
Plenar sessiyanın iştirakçısı, tacik gənclərinin nümayəndəsi Heydər İsmayılov AZƏRTAC-a müsahibəsində deyib: “Bu Forum xüsusən gələcəyin gənc liderləri üçün nadir fürsətdir, ona görə ki, burada həm əvvəlki illərin liderləri ilə, həm də müasir dövrün liderləri ilə görüşmək, onların təcrübəsini öyrənmək, hadisələrə başqalarının gözü ilə baxmaq, həmçinin bu insanlarla ünsiyyət saxlamaq, fikir, ideya mübadiləsi aparmaq imkanı var. Müəyyən biliklərə malik olan gənclər zəngin təcrübəyə malik insanların ideyalarını öyrənməklə dünyaya başqa nəzərdən baxmaq və ola bilsin ki, mövcud problemlərin hansısa yeni həllərini tapmaq imkanı qazanırlar. Bu baxımdan, hesab edirəm ki, bu Forum çox əhəmiyyətli tədbirdir. Ümidvaram ki, bu Forumun nəticələri dünya liderləri tərəfindən nəzərə alınacaq, konkret qərarlarda və real işlərdə təcəssüm olunacaq”.