CƏMİYYƏT
“Heydər zirvəsi”nə kütləvi yürüş mütəşəkkilliklə başa çatıb
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilmiş kütləvi yürüş uğurla başa çatıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, may ayının 1-dən başlayaraq ayrı-ayrı qruplara bölünmüş yürüş iştirakçıları təşkilatlanmış qaydada əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq bələdçilərin müşayiəti ilə “Heydər zirvəsi”nə doğru yürüş ediblər. Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları “Qızıl Qaya” massivinin ətəyində qurulmuş düşərgədə gecələyiblər. Sonra onlar dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli şəxsiyyət, ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
Mayın 1-dən 11-dək Azərbaycanın bütün bölgələrindən ümumilikdə 600-dən artıq ziyarətçi xalqımızın ziyarətgahına çevrilmiş “Heydər zirvəsi”nə qalxaraq Ulu Öndərə olan ehtiramlarını ifadə edib.
Son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb.