REGİONLAR
Heyvandarlığın inkişafına həsr edilmiş zona müşavirəsi keçirilib
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Sabirabad rayonunda damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Sabirabad, Saatlı, Hacıqabul və Cəbrayıl rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama mütəxəssisləri, heyvandarlıq mütəxəssisləri iştirak ediblər.
Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, respublikada heyvandarlıq sahəsində qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan istifadə, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin təşkili barədə ətraflı məlumat verib.
Sonra heyvandarlıqda seleksiya-damazlıq işinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvandarlıqda süni mayalamanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar olub.
Zona müşavirəsi diskussiya şəraitində keçib, fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı cavablar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda heyvanların saxlanılma şəraiti və yem istehsalı üzrə qabaqcıl təcrübənin nümayişi ilə bağlı təsərrüfatlara baxış keçirilib.