REGİONLAR
Heyvandarlığın müasir yollarla inkişafı bitkiçiliyə müsbət təsir göstərəcək
Bakı, 12 iyul, AZƏRTAC
Heyvandarlığın müasir yollarla inkişafı bitkiçiliyə də çox müsbət təsir göstərəcək.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə danışarkən deyib: “Burada kənd təsərrüfatı naziri qeyd etdi ki, heyvandarlığın inkişafı da yeni mərhələyə qədəm qoyur, yeni yanaşma tətbiq edilir. Biz əvvəlki illərdə cins mal-qaranı alırdıq, fermerlərə paylayırdıq. Bunun müsbət təsiri olmuşdur, çünki cins mal-qaranın məhsuldarlığı əlbəttə ki, daha da yüksəkdir. Həm südlük, həm ətlik mal-qaranın gətirilməsi də çox müsbət təsir göstərmişdir. İndi biz yeni dövrə keçirik, mövcud mal-qaranın cinsini süni mayalanma yolu ilə yaxşılaşdıracağıq. Buna bir neçə il vaxt lazım olacaq. Bütün lazımi tədbirlər görülüb və qeyd olunduğu kimi, Prezidentin ehtiyat fondundan həm bu sahəyə, həm toxumçuluğa kifayət qədər böyük vəsait ayrılıb”.
Bu sahədə çox ciddi irəliləyişin olacağına əminliyini bildirən dövlətimizin başçısı qeyd edib ki, burada biz bir neçə məqsədi güdürük: “İlk növbədə, bundan sonra da tam şəkildə özümüzü ətlə, südlə və süd məhsulları ilə təmin edəcəyik. İkinci vəzifə - bizdə ixrac potensialı yaranır. Üçüncüsü, biz artıq örüş torpaqlarından digər bitkiləri yetişdirmək üçün istifadə edəcəyik. Çünki hər qarış torpaq bizim üçün qiymətli olmalıdır. Yenə də qayıdıram əvvəlki fikrimə ki, torpaqlardan səmərəsiz istifadəyə yol verilməməlidir. Ona görə, heyvandarlığın müasir yollarla inkişafı bitkiçiliyə də çox müsbət təsir göstərəcək. Bitkiçilik üçün nəzərdə tutulacaq o torpaqlarda əlbəttə ki, meliorativ tədbirlər də paralel şəkildə aparılmalıdır. Bu il Prezidentin ehtiyat fondundan subartezian quyuların qazılmasına vəsait ayrılıb. Bu, kəndliləri həm içməli su ilə təmin edir, həm də ki, bunun əkin sahələrinə də faydası var. Bu il qazılacaq subartezian quyuların hesabına 3 min hektar torpağın suvarılması təmin ediləcək. Biz bu yolla getməliyik və Dövlət İnvestisiya Proqramında meliorativ tədbirlərin görülməsinə bundan sonra da vəsait ayrılmalıdır. Əgər lazım olarsa, biz bu il də bu məsələyə baxmalıyıq. Çünki bizim həm büdcəmizdə vəsait var. Eyni zamanda, Dövlət Neft Fondunda manat vəsaiti var. Dövlət Neft Fondu bazarda dollar satır. İndi manat ehtiyatı yaranıb. Qoy hökumət təklif versin biz bu vəsaitdən necə istifadə edək ki, lazım olan tədbirləri həll edək və vaxt itirməyək”.