REGİONLAR
Heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağı artıb
Ağdam, 21 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafı istiqamətində tədbirlər uğurla davam etdirilir. Son illərdə rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin üç ayında rayon üzrə 223 baş inək və düyə süni yolla mayalandırılıb, 218 baş sağlam cins buzov alınıb. Heyvanlar arasında süni mayalama tədbirlərinin aparılması mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınmasına, ət və süd istehsalının artmasına təsir göstərir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb.
Ağdamda cins heyvandarlığın inkişafının göstəricilərindən biri də “Qara inək fermer təsərrüfatı” MMC tərəfindən rayonun Əfətli kəndində yaradılan müasir heyvandarlıq kompleksidir. Kompleksin rəhbəri Fuad Əyyubzadə bildirib ki, tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan müəssisədə mexanikləşdirilmiş ferma, buzovlar üçün tövlə, sağımxana, yem və su anbarları, silos quyusu, ot anbarı, işçilər üçün otaqlar yaradılıb. Hazırda kompleksdə Almaniyadan gətirilmiş 500 baş südlük istiqamətli holşteyn-friz heyvan saxlanılır ki, onlardan da 300-ü sağmal inək və düyələrdir. Bu inəklər laktasiya dövründə gündə 21 litr südvermə qabiliyyətinə malikdir. Heyvanlardan gün ərzində 5000 litrdən artıq süd sağılaraq emal müəssisələrinə göndərilir.
Aqrar sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, birinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 1037 baş artaraq 39 min 183 başa, qoyunların sayı 249 baş artaraq 105 min 430 başa çatdırılıb. Ət istehsalı 23,4 ton artaraq 1024 ton, süd istehsalı isə 155 ton artaraq 8264 ton təşkil edib.