CƏMİYYƏT
Heyvanlarda ata genlərinin təsiri daha güclü olur
Bakı, 5 mart, AZƏRTAC
ABŞ-ın Şimali Karolina Universitetinin alimləri yeni doğulmuş siçanlarda genlərin təzahürünü gözdən keçirərək maraqlı nəticələr əldə ediblər. Məlum olub ki, nəslin formalaşmasına valideynlərin bərabər payda genetik material verməsinə baxmayaraq, ata genlərinin təsiri balalarda daha güclü olur.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar “Discover Magazine” nəşrində yer alıb.
Alimlər üç qrup siçanı çarpazlaşdıraraq doqquz tip nəsil alıblar. Siçanlar böyüyən kimi onlarda genlərin təzahürü araşdırılıb. Məlum olub ki, ata genləri ana genləri ilə müqayisədə daha güclü təzahür edir. Tədqiqatın nəticələrinə əsasən bu münasibət müvafiq olaraq 60-ın 40-a nisbətini təşkil edir.
Tədqiqatın rəhbəri Fernando Pardu Manuel de Vilyenin sözlərinə görə, bu heyvanlarda ata genləri aktiv təzahür edir və bu xüsusiyyət bilavasitə irsi xəstəliklərin müalicəsinə öz təsirini göstərir. Bu baxımdan ananın geni ilə keçən zərərli mutasiyanın təsiri atadan gələn genetik mutasiya ilə müqayisədə zəifdir.