CƏMİYYƏT
Hicran Hüseynova: Azərbaycanda iqtisadi sahədə fəaliyyət göstərən qadınların sayı artır
Bakı, 25 aprel, AZƏRTAC
Qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, gender bərabərliyinə müsbət təsir göstərir. Bu gün elə ölkələr var ki, həmin ölkələrdə qızların təhsili ilə, erkən evliliklə bağlı, həmçinin sahibkarlıqla məşğul olmaq üçün problemlər mövcuddur. İqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Ona görə də qadınlar arasında sahibkarlığın inkişafı önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda söyləyib.
Hicran Hüseynova deyib ki, konfransın məqsədi mövcud problemləri müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu gün Azərbaycan qadınları ictimai-siyasi həyata aktiv iştirak edirlər, bütün sahələrdə təmsil olunurlar. Ölkəmizdə iqtisadiyyat və maliyyə sahəsində fəaliyyət göstərən qadınların sayı artmaqdadır.