SİYASƏT
Hicran Hüseynova: Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir
Bakı, 25 aprel, AZƏRTAC
Sahibkarlığın, xüsusilə qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda səsləndirib. Qeyd edib ki, hər hansı ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin edilməsində sahibkarlıq fəaliyyətinin, o cümlədən qadın sahibkarlığının böyük əhəmiyyəti var. Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq olunması da vacib məsələlərdəndir.
BMT-yə üzv olan 193 ölkə Dayanaqlı İnkişaf Məqsədlərinə qoşularaq 2030-cu ilədək yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək üçün 17 məqsəd üzrə hədəflər müəyyən edib. Bu gün hələ də elə ölkələr var ki, orada qızlara, qadınlara qarşı fərqli yanaşmalar, ayrı-seçkilik mövcuddur. Qızların təhsil almasına, qadınların işləməsinə, sahibkarlıqla məşğul olmasına bir çox maneələr olur, bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, gender əsaslı zorakılıq, cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı yanlış təsəvvürlər, stereotiplərdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi Azərbaycan hökumətinin daim diqqətindədir. Qadınların işgüzar və intellektual potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, orta təbəqənin daha da gücləndirilməsi prioritet məqsədlərdən biridir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də təsir edir. Araşdırmalar göstərir ki, az təhsilli və iqtisadi cəhətdən asılı olan qadınların zorakılığa məruz qalma faizi daha çoxdur. Belə qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşirlər. Buna görə də sistemli şəkildə iş aparmaq, güclü layihələr hazırlamaq lazımdır, deyə komitə sədri Hicran Hüseynova bildirib.