CƏMİYYƏT


Hicran Hüseynova: Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması aktual məsələdir

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunsa da, təəssüf ki, onların bir hissəsinin- qaçqın və məcburi köçkün uşaqların illərdən bəri doğma torpaqlarında sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmayıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova AŞPA-nın Bakıda keçirilən sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı deyib.

Doğrudur, bu hüquqlar dünyada heç kim tərəfindən inkar edilmir, Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qəbul olunur. Amma Azərbaycan uşaqlarının hüquqlarını pozmuş, onları öz doğma yurdundan didərgin salmış təcavüzkar Ermənistan hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq, işğal etdiyi əraziləri geri qaytarmaq istəmir. Bu hərbi münaqişə zamanı 190-dan çox uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir. Dövlətimiz münaqişə zamanı 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub. 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, əfsuslar olsun ki, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb.

“Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında qeyd edir ki, elə etməliyik bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Bu gün bu məsələ öz real həllini tapır. Belə ki, son illər ərzində bölgələrdə üç mindən çox orta məktəb, 600-dən çox xəstəxana, tibb məntəqələri, 40 olimpiya idman kompleksi və onlarla gənclər mərkəzi tikilib istifadəyə verilib”, - deyə Hicran Hüseynova bildirib.

Komitə sədri qeyd edib ki, uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirilməsi çox vacibdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılıb. Monitorinqin nəticəsində hazırlanmış tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrindəki şərait standartlara uyğunlaşdırılıb, mütəxəssislər üçün yeni təlimlər keçirilib. Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb. Bunun nəticəsində uşaq problemlərinin dəqiq statistikası müəyyənləşərək həmin sahədə daha effektiv preventiv tədbirlərin həyata keçirilməsi işi aparılacaq.

Hicran Hüseynova deyib: “Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması da aktual məsələlərdəndir. Bu baxımdan, Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Uşaq forumlarının rolu xüsusi qeyd olunmalıdır. İki ildən bir keçirilən uşaq forumlarında uşaqlar sərbəst şəkildə mühüm problemlərə münasibətlərini bildirir, öz həmyaşıdlarının qayğı və problemlərini ictimailəşdirirlər. Onların irəli sürdükləri təklif və məsələlər dövlət məmurlarının və parlament üzvlərinin müzakirəsinə verilir. Hazırda IV Uşaq Forumuna hazırlıq gedir. Eyni zamanda, növbəti il BMT-nin müvafiq komitəsi qarşısında uşaq hüquqları üzrə ölkə hesabatı veriləcək. Hazırda bununla bağlı ciddi işlər aparılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.