CƏMİYYƏT


Hidrokolonoterapiya yoğun bağırsağın təmizlənməsi prosedurudur

Bakı, 23 iyun, AZƏRTAC

Gündəlik həyatda hava, su və qida məhsulları ilə birlikdə orqanizmə külli miqdarda zəhərli maddələr daxil olur. Bununla yanaşı qidanın yaxşı çeynənilməməsi və artıq miqdarda qəbulu mədə-bağırsaq traktının yüklənməsinə səbəb olur. Nəticədə yüklənmiş orqan öz funksiyasını normal şəkildə yerinə yetirə bilmir, bağırsaqlarda çoxlu miqdarda toksiki maddələr toplanır və orqanizmin ümumi intoksikasiyası baş verir.

AZƏRTAC xəbər verir ki, hidrokolonoterapiya yoğun bağırsağın divarının dərin selikli qişa kriptallarına qədər təmizlənməsi prosesidir. Həmin metod təkcə bağırsaqlarda selikli qişanın regenerasiyasında deyil, bütün orqanizmin sağlamlaşmasında mühüm rol oynayır. Hidrokolonoterapiya zamanı yoğun bağırsaq müəyyən temperatura qədər qızdırılmış su ilə nəcis daş, toksiki qazlar, qıcqırma və çürümə məhsullarından, ağır metal birləşmələri, funksiyadan düşmüş və ayrılmış selikli qişa hissəcikləri və müxtəlif zərərli maddələrdən təmizlənir. Ondan həm müalicə, həm də profilaktika məqsədilə istifadə olunur. Bağırsaqların vaxtaşırı təmizlənməsi bədəndə toksiki maddələrin miqdarını azaldır və onların orqanizmdən kənarlaşmasını asanlaşdırır.

Prosedurun müddəti xəstə orqanizmin vəziyyətindən və bağırsağın reaksiyasından asılı olaraq fərdi qaydada təyin olunur. İlk seans, adətən 45-60 dəqiqə davam edən adi prosedura nisbətən zaman etibarı ilə bir qədər uzun çəkir. Kurs ən azı 3 seansdan ibarət olur, sonrakı seanslar isə intoksikasiya dərəcəsindən asılı olaraq fərdi şəkildə təyin olunur. İstənilən halda yoğun bağırsağın divarlarından bərkimiş şlakları təmizləmək üçün bir neçə prosedur lazım gəlir, çünki yuyulma çox yumşaq aparılır və effekt intensivliyə deyil, prosedur təkrarlandığına görə əldə edilir.

Prosedur müasir texnika və birdəfəlik rektal dəst vasitəsilə tam təhlükəsiz şəraitdə həyata keçirilir. 25-30 dəqiqə ərzində bağırsaqların divarı 2 metr məsafədə təmizlənir. Xəstəlikdən asılı olaraq 5-10 prosedur təyin olunur. Prosedurun başlanğıcında qarın yüngül masaj edilir və bağırsaqların yuyulması üçün isidilmiş su və ozon-oksigen qarışıqlarından istifadə olunur. Hidrokolonoterapiya təkcə adi su ilə deyil, həm də müxtəlif dərman bitkilərindən hazırlanmış müalicəvi məhlullarla aparılır. Dağ tərxunu, aptek çobanyastığı, acı yovşan, mixək və digər bitkilər bu sahədə səmərəli nəticələr verir. Bitki dəmləmələri bağırsaq selikli qişasının regenerasiyasını artırır, meteorizmi azaldır, bağırsaqların normal mikroflorasının bərpası üçün əlverişli şərait yaradır, həmçinin antiseptik və iltihab əleyhinə təsir göstərir.

Çox vaxt həmin prosedurdan sonra xəstənin səhhəti və əhval-ruhiyyəsində yaxşılaşma hiss edilir, müalicə kursu bitəndən sonra çəkinin 5 kiloqrama qədər azalması, 1-7 santimetr ölçüdə arıqlama baş verir, daxili orqanların qan dövranı yaxşılaşır. Nəticədə həzm prosesi tənzimlənir, vitaminlərin və mineral duzların mənimsənilməsi artır. Hidrokolonoterapiyadan sonra meteorizm aradan götürülür, dəri, böyrək və qaraciyər kimi drenaj orqanlar təmizlənir. Yuxu yaxşılaşır, orqanizmin immuniteti, əmək qabiliyyəti, yaddaş, diqqət və görmə qabiliyyəti güclənir. Müalicədən sonra fərdi olaraq 3-6 aydan bir hidrokolonoterapiya kursu məsləhət görülür. Prosedurdan sonra əldə edilən nəticənin davamlı olması üçün xüsusi seçilmiş pəhriz rejimi məsləhət görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.