DÜNYA
Hindistan-Pakistan sərhədində atışma: azı 4 ölü, 8 yaralı
Bakı, 1 noyabr, AZƏRTAC
Hindistan və Pakistan sərhədçiləri arasında baş verən atışma nəticəsində Cammu və Kəşmir ştatında azı 4 dinc sakin həlak olub, 8 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, NDTV telekanalının yaydığı məlumata görə, həlak olanlar arasında iki qadın və iki uşaq var. Onların hamısı Ramqarx şəhəri rayonunda baş verən insidentin qurbanı olub.
Telekanal, həmçinin bildirib ki, atışma Kəşmirlə sərhədin bir neçə hissəsində qeydə alınıb və bəzi insidentlər zamanı minomyotlardan istifadə edilib.
Hindistan-Pakistan sərhədində atışmalar və qarşılıqlı artilleriya zərbələri tez-tez baş verir. Son vaxtlar isə iki ölkə arasında münasibətlərin gərginləşməsi fonunda insidentlər daha intensiv xarakter alıb. Yerli mətbuatın məlumatına görə, oktyabrın 19-dan 30-dək hindli sərhədçilər pakistanlı hərbçilərə 5 min mina atıb və 35 min atəş açıblar.