DÜNYA
Hindistan: anomal istilər nəticəsində ölənlərin sayı 500 nəfərə çatıb
Bakı, 25 may, AZƏRTAC
Hindistanın cənubunda yerləşən Andxra-Pradeş və Telanqana ştatlarında anomal istilər son dörd gün ərzində 500 nəfərin həyatına son qoyub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumatlara əsasən, mayın 24-də ölkənin cənubunda şiddətli istilər nəticəsində 165 nəfər ölüb. Ən yüksək temperatur (47 dərəcə) Andxra-Pradeş ştatının Maçilipatnam və Tuni şəhərlərində qeydə alınıb.
Meteoroloqların məlumatına görə, yaxın günlərdə temperatur bir qədər də artacaq. Anomal istilərin hökm sürdüyü ştatların rəhbərliyi sakinləri ehtiyac yaranmadığı təqdirdə küçələrə çıxmamağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Mart ayından iyunadək quraqlıq mövsümünün müşahidə edildiyi Hindistanın əksər bölgələrində ilin bu dövrü üçün 40 dərəcədən yüksək temperatur xarakterik haldır. Şiddətli istilər adətən iyun ayında yağış mövsümünün başlaması ilə sona çatır. Aprel və may isə quraqlığın ən çox hiss olunduğu aylardır.