CƏMİYYƏT
Hindistanda ana və körpələr arasında yayılan tetanus xəstəliyi ləğv edilib
Bakı, 15 iyul, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatı ana və körpələr arasında yayılan tetanus, həmçinin digər təhlükəli yoluxucu xəstəlik - zöhrəvi qranulema üzərində tam qələbə ilə əlaqədar Hindistan hökumətinə sertifikat təqdim edib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, hələ bir neçə onillik bundan əvvəl ölkədə yenidoğulmuşlar arasında 200 minədək tetanus halı qeydə alınırdısa, indi bu qorxunc xəstəliyə nadir hallarda rast gəlinir. Hazırda Hindistanın 675 bölgəsində hər min uşaqdan biri bu xəstəliklə doğulur. “Belə əhəmiyyətli uğur bütün anaların və körpələrin tibbi xidmətə çıxışla təmin edilməsi sayəsində mümkün olub. Bu qələbə təkcə Hindistan deyil, bütün bəşəriyyət üçündür. Çünki dünya əhalisinin altıdabir hissəsi bu ölkədə yaşayır”, - deyə DST-nin regional direktoru Punam Ketrapal Sinqh bildirib.
Zöhrəvi qranulemaya gəldikdə isə yerli həkimlər bu xəstəliyin qarşısını ala biliblər. Bu ilin mayında Hindistanda səfərdə olan DST ekspertləri araşdırmadan sonra bunu təsdiq ediblər. Ekspertlər bildirir ki, infeksiya çirkli həyat şəraiti ilə bağlıdır və bir qayda olaraq ən yoxsul təbəqəni vurur.
Hindistan DST-nin diqqətdən kənarda qalan tropik xəstəliklər üzrə proqramın iştirakçıları arasında bu infeksiyaya birinci olaraq qalib gəlib. Doktor Punam Ketrapal Sinqh əhalinin maarifləndirilməsi və xəstəliklərin erkən aşkarlanması istiqamətində Hindistanın Səhiyyə Nazirliyinin səylərini yüksək qiymətləndirib. “Digər ölkələr Hindistandan nümunə götürməlidir", - deyə o əlavə edib.
Hindistandan sonra İndoneziya da tetanus üzərində qələbə barədə raport verib. Beləliklə, xəstəlik Cənub-Şərqi Asiyanın bütün ərazisində əhalinin bu qrupu üçün ləğv edilib.