DÜNYA
Hindistanda ən azı 1200 nəfər anomal istilərin qurbanı olub VİDEO
Bakı, 27 may, AZƏRTAC
Hindistanda artıq 10 gündür davam edən anomal istilərin qurbanları artmaqda davam edir. İndiyədək ölənlərin sayı ən azı 1200 nəfərə çatıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, günvurmasından həyatını itirənlər barədə yeni məlumatlar, ilk növbədə, şiddətli istilərin hökm sürdüyü cənub-şərq bölgələrindən – Andxra-Paradeş və Telanqa ştatlarından gəlir. Bu ştatlarda gündüzlər havanın hərarəti 48,8 dərəcəyə qədər qalxır.
Meteoroloqların fikrincə, yaxın günlərdə temperatur 50 dərəcəyə yüksələ bilər. Temperaturun tədricən aşağı düşməsini isə yalnız iki-üç gündən sonra gözləmək olar.
Həkimlər yerli əhaliyə mümkün qədər çox maye qəbul etməyi, gündüzlər küçəyə çıxmamağı və fiziki aktivliyi məhdudlaşdırmağı məsləhət görürlər. Nyu-Deli şəhərində yerləşən xarici diplomatik missiyanın əməkdaşları, demək olar, kondisionerli otaqlardan kənara çıxmırlar. Xarici turistlərə isə bu günlərdə Hindistana səfərlərdən vaz keçmək tövsiyə olunub.