DÜNYA
Hindistanda qızıl satışı özünü “kölgəyə” verir
Bakı, 12 iyul, AZƏRTAC
Artıq iyulun 1-dən Hindistanda qızılın satışı mallar və xidmətlər üçün yeni unifikasiya edilmiş vergi rejimi çərçivəsində 3 faizlik vergiyə cəlb olunub.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, indiyədək qızılın satışından 1 faizlik dərəcə üzrə vergi tutulurdu, bundan əlavə, dövlət səviyyəsində tutulan əlavə dəyər vergisinin dərəcəsi də 1 faiz təşkil edirdi.
Hindistanın maliyyə naziri Arun Caytlinin sözlərinə görə, 3 faizlik vergi dərəcəsi çoxdan gözlənilən konsensus nəticəsində müəyyənləşdirilib. Qızılın satışına tətbiq edilən vergi eyni qaydada gümüşün və qiymətli daşların satışından da tutulur.
Ekspertlərin fikrincə, qızıl satışı “kölgə iqtisadiyyatı”na meyil etməyə başlayıb. Ölkə əhalisinin öz varidat yığımlarını külçə qızıla çevirməyə üstünlük verdiyi bir ölkə üçün bu addımın atılmasının risk yaratdığı qeyd edilir.
Rəyi soruşan alıcıların əksəriyyəti bildirib ki, onlar qızılı mağazadan çeksiz almağa üstünlük verirlər. Artıq ölkədə qanun və qaydalara əməl edən iri zərgərlik mağazalarından müştəriləri cəlb etmək üçün qeyri-rəsmi satış məntəqələrinin fəaliyyətə başladığı bildirilir.
Proqnozlara görə, qızılın satışına qoyulan verginin artırılması ölkədə onsuz da yüksək olan qızıl qaçaqmalçılığının artımına səbəb olacaq. Təxmini hesablamalara əsasən, 2016-cı ildə Hindistan ərazisinə qeyri-leqal yollarla 120 ton qızıl idxal edilib.