CƏMİYYƏT
Hindistanda surroqat analığı ciddi surətdə məhdudlaşdırmaq istəyirlər
Bakı, 20 sentyabr, AZƏRTAC
Hindistan hakimiyyət orqanları qanunvericiliyə ölkədə surroqat analığa ciddi məhdudiyyətlər qoyan dəyişikliklər hazırlayıb. Hazırda özgə uşaqlarını dünyaya gətirmək əksər yoxsul qadınlar üçün gəlir mənbəyidir. Lakin rəsmilərin fikrincə, bu qadınlar həddindən artıq istismar edilir. Qanunvericiliyə dəyişikliklər təsdiqləndiyi halda, surroqat analıq xidmətindən yalnız evli cütlüklər istifadə edə biləcəklər. Üstəlik, surroqat ana cütlüyün yaxın qohumu olmalı, həm də bu işi pulsuz görməlidir.
AZƏRTAC “medicalxpress.com” saytına istinadla xəbər verir ki, Hindistanda hər il təxminən 2 min sonsuz cütlük surroqat anaların xidmətindən istifadə edir. Buna rəsmi icazə verildiyi 2002-ci ildən bəri Hindistan bu sahədə liderlik edir. Əksər əcnəbilər surroqat analıq xidmətlərinin ucuzluğuna görə məhz Hindistana gəlirdi. Klinikalar da müəyyən təhlükəsizlik zəmanəti verirdi. 2012-ci ildə qaydaları sərtləşdirdilər, homoseksual cütlüklərin və tənha insanların bu xidmətdən istifadəsinə qadağa qoyuldu. 2015-ci ilin noyabrında hakimiyyət orqanları surroqat analıq üzrə ixtisaslaşan klinikalarda əcnəbilərin qəbulunu dayandırdı. İndi isə qanunun daha da sərtləşdirilməsi nəzərdə tutulur.
Xarici işlər naziri Suşma Svaray izah edib ki, qanunvericiliyə düzəlişlər qadınların rifahının qorunmasına istiqamətlənib. Nazirin sözlərinə görə, yeni doğulan qızların və ya əlil körpələrin az sonra atılması halları olub. Səhiyyə ekspertləri bildirirlər ki, özgə uşaqlarını tez-tez dünyaya gətirən qadınlar müdafiəsizdir. Hətta bəzən qadınları məzmunundan xəbərsiz olduqları müqavilələri imzalamağa məcbur ediblər. Daha çox rast gəlinən hallardan biri də klinikalarda surroqat anaların uşaqlığına bir neçə embrionun köçürülməsi və “artıqların” sonradan abort etdirilməsidir.
Reproduktiv texnologiyalar üzrə mütəxəssis Nayana Patel isə qanunvericiliyə dəyişikliklə əlaqədar narahatlığını ifadə edərək, bunun xeyirdən daha çox ziyan gətirəcəyini vurğulayıb.