İQTİSADİYYAT
Hindistandan göndərilən ilk sınaq konteynerləri Azərbaycandan keçməklə Rusiyaya yola salınıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də ilk dəfə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Hindistanın Banqalor şəhərindən Rusiyanın Vorsino stansiyasına test olaraq göndərilməsi planlaşdırılan, elektrik avadanlıqları və onlara ehtiyat hissələri ilə yüklənmiş 5 ədəd 40 futluq universal konteynerlərdən 3-ü, “ADY Express” şirkətinin Astara Yük Həyətində qəbul edilib, platformalara yükləndikdən sonra, Astara stansiyasından təyinatı üzrə yola salınıb.
“ADY Express”dən AZƏRTAC-a bildirilib ki, konteynerlər Hindistanın Mumbay şəhərindən dəniz vasitəsilə İranın Bəndər Abbas Limanına, oradan dəmir yolu ilə Qəzvin stansiyasına, oradan da avtomobillərlə Azərbaycan Astarasına çatdırılaraq, Rusiyaya yola salınıb. Artıq demək olar ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bütün iştirakçı ölkələri yükdaşımalar prosesinə qoşulublar.
Bir neçə gün öncə isə “ADY Express” “Cənub-Qərb” nəqliyyat dəhlizi ilə daha bir əməliyyat həyata keçirib. Belə ki, İran islam Respublikasından Avropaya göndərilən, mərmərlə yüklənən 10 ədəd 20 futluq konteynerlər, yük avtomobillərdən dəmir yolu platformalarına aşırılaraq, Astara dəmir yolu stansiyasından yola salınıb.
Xatırladaq ki, hələlik yüklər İrandan avtomobillərlə daxil olur, Astarada “ADY Express”ə məxsus Yük Həyətində vaqonlara aşırılaraq Astara dəmir yolu stansiyasından yola salınır. Həmin yüklərin İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olması və sonradan Astarada vaqonlara yüklənməsi Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi Fərman və sonradan Nazirlər Kabinetinin bu fərmandan irəli gələn qaydaların təsdiq etməsi nəticəsində mümkün olub.
Həmin Fərmana uyğun olaraq, Azərbaycan ərazisindən, sonrakı nəqli dəmir yolları ilə edilməsi şərtilə, yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar. Bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb.
Astaraçay üzərində salınan dəmir yol körpüsünün tikintisi isə başa çatmaq üzrədir. İnşa edilən körpü və salınan yeni dəmir yolu Azərbaycanın Astara Stansiyası ilə İran-Astara stansiyasını birləşdiriləcək ki, bu da öz növbəsində “Şimal-Cənub” və “Cənub-Qərb” marşrutlarında yük dövriyyəsinin intensivləşməsinə böyük təkan verəcək.