CƏMİYYƏT
Hindistanın Assam ştatında son 10 gündə ensefalitdən 13 nəfər vəfat edib
Bakı, 28 iyul, AZƏRTAC
Yapon ensefaliti Asiyada virus ensefalitlərinin bütün növlərinin əsas səbəbidir. İldə 68 min ensefalit xəstəliyi qeydə alınır.
Son 10 gündə Hindistanda ensefalitdən 13 nəfər vəfat edib, daha 22 nəfər “yapon ensefaliti” diaqnozu ilə xəstəxanada yatır. Bu virusun yayılması lokal xarakter daşıyır. Hələlik Assam ştatının hüdudlarından kənarda heç bir qurban aşkar olunmayıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Hindistan hökuməti lokal xəstəlik ocaqlarında 40 mindən çox mığmığa toru paylayıb.
Yapon ensefaliti Qərbi Nil qızdırması törədən virus növünə aiddir və mığmığa vasitəsilə yayılır. Yoluxan insanın müalicəsi üçün dərman hələlik yoxdur, lakin xəstəliyin keyfiyyətli profilaktikasını təmin edən vaksinlər var. Ölüm halları bəzən 30 faizə çatır, Yüksək temperatur, baş ağrıları, boyun əzələlərinin sıxlığı, iflic ensefalitin əsas əlamətləridir. Xəstəlik hallarının üçdə birində sinir sisteminin zədələnməsi, iflic, nitqin və yaddaşın itirilməsi şəklində qalıq təzahürlər müşahidə olunur.