İQTİSADİYYAT
Hindistanın nəqliyyat-logistika şirkətləri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında maraqlıdırlar
Bakı, 25 noyabr, AZƏRTAC
Hindistanlı həmkarlarımızla işləmək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) layihəsinin uğurla həyata keçirilməsi üçün böyük əhəmiyyət daşıyır. Sazişin imzalanması layihəyə marağın qarşılıqlı olmasının növbəti təsdiqidir. Əminəm ki, birgə səylərlə malgöndərənlər cəlb etmək, onlara keyfiyyətli xidmət təklif etmək və marşrutu gəlirli etmək iqtidarındayıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “RJD Logistika” Səhmdar Cəmiyyəti (SC) baş direktorunun birinci müavini Eduard Alırzayev Bakıda keçirilən “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Xəzər regionu” mövzusunda biznes forum çərçivəsində “RJD Logistika” SC və Hindistan Nəqliyyat-Logistika Assosiasiyaları Federasiyası arasında “Şimal-Cənub” BND-nin inkişafı haqqında Saziş”in imzalanması mərasimindən sonra söyləyib.
Hindistan Nəqliyyat-Logistika Assosiasiyaları Federasiyasının vitse-prezidenti Şankar Şinde sənədi şərh edərək deyib: “Hindistanın nəqliyyat-logistika şirkətləri “Şimal-Cənub” BND-nin inkişafına dərin maraq göstərirlər. Əminəm ki, “RJD Logistika” etibarlı tərəfdaş olacaq, saziş isə ölkələrimizin işgüzar münasibətlərini möhkəmləndirəcək”.