REGİONLAR
Hindistanın ölkəmizdəki səfiri Lənkərana səfər edib
Lənkəran, 10 fevral, Bağır Əliyev, AZƏRTAC
Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana cənub bölgəsinə səfəri çərçivəsində Astaradan sonra fevralın 10-da Lənkərana gəlib.
AZƏRTAC xəbər verir ki, səfir əvvəlcə Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərovla görüşüb.
Görüşdə hindistanlı diplomata Lənkəran Dövlət Universiteti barədə məlumat verilib, təhsil, müəllim-tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Sonra Sanjay Rana Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.
T.Qaraşov qonağa Lənkəranın təbiəti, coğrafi mövqeyi, tarixi, əhalinin məşğulluğu, rayonun sosial-iqtisadi inkişafı, mədəniyyəti və turizm potensialı barədə məlumat verib.
İcra hakimiyyətinin başçısı Azərbaycan-Hindistan əməkdaşlığı çərçivəsində Lənkəranla dost ölkə arasında iqtisadi və mədəni əlaqələrin qurulmasında, xüsusilə çayçılığın inkişafı sahəsində təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu bildirib.
Səmimi görüşə görə minnətdarlığını bildirən hindistanlı diplomat qarşılıqlı əlaqələrin qurulmasında bütün imkanlardan istifadə edəcəyini diqqətə çatdırıb.
Görüşün sonunda səfir Sanjay Ranaya lənkəranlı sənətkarların toxuduğu xalça hədiyyə edilib.