İQTİSADİYYAT
Hindistanlı alim: Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Regional və Avrasiya bazarlarını birləşdirəcək
Bakı, 31 iyul, AZƏRTAC
Serbiyanın nüfuzlu "TransConflict" onlayn nəşri Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı barədə məqalə dərc edib. Məqalənin müəllifi Hindistanlı alim Hriday Sarma Rəqəmsal Ticarət Qovşağının (RTQ) yaranmasının əhəmiyyətini qeyd edərək Azərbaycanın bundan sonra regionda əsas rəqəmsal ticarət mərkəzinə çevriləcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Tədqiqatçı Azərbaycanda yaradılan bu layihənin az sayda ölkədə mövcud olduğunu xüsusi vurğulayıb və qeyd edib ki, RTQ xarici bazarlara çıxışı asanlaşdıracaq və əlavə investisiya cəlbini sürətləndirəcək.
Müəllifə görə, Rəqəmsal Ticarət Qovşağı vasitəsilə Azərbaycan iqtisadiyyatının rəqəmsallaşması Cənubi Qafqaz və Avrasiyada regional dəyər zəncirini möhkəmləndirəcək. Həmçinin tədqiqatçı Rəqəmsal Ticarət Qovşağını digər ölkələrdə mövcud olan analoji layihələrlə müqayisə edərək Azərbaycanda yaradılan bu layihənin unikal olduğunu və həm ölkədaxili, həm də xaricdəki dövlət və özəl müəssisələr üçün bir sıra üstünlükləri özündə cəmlədiyini qeyd edib. Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: http://www.transconflict.com/2017/07/azerbaijan-digital-trade-hub-set-to-bind-regional-and-eurasian-markets-267/
Beynəlxalq ictimaiyyətə çatdırılması üçün ingilis dilində hazırlanmış "Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Regional və Avrasiya bazarlarını birləşdirəcək" adlı məqalə, həmçinin rus dilinə tərcümə olunaraq "Север-Юг" Politoloji Mərkəzin saytında yerləşdirilib.
Məqalənin müəllifi hindistanlı alim, "Global South Development Magazine" nəşrinin tədqiqatçısı Hriday Sarma İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə "Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı" çərçivəsində bir neçə ay araşdırma aparıb. Tədqiqatların nəticəsi olaraq onun nüfuzlu nəşrlərdə "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi: Keçid ölkələrində zəruri sərmayələr" və "Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi: Azərbaycan yolayrıcında" başlıqlı məqalələri dərc olunub.
H.Sarma buna qədər Finlandiya, Belçika, İsrail və Hindistanın bir neçə beyin mərkəzlərində araşdırmalar aparıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.