İQTİSADİYYAT
Hindistanlı iş adamları azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığa dəvət olunublar
Bakı, 12 fevral, Sevda Cəfərova, AZƏRTAC
Hindistanlı iş adamları azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığa dəvət olunublar.
AZƏRTAC xəbər verir ki, bu dəvəti Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Hindistanın ölkəmizdəki səfirliyi ilə birgə Bakıda keçirdiyi “MAKE İN İNDİA” adlı tədbirdə ASK-nın prezidenti Məmməd Musayev edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradılır. Ölkə iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Həmçinin iqtisadiyyatımızın inkişafı istiqamətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir, yeni investisiya imkanlarının araşdırılması istiqamətində müvafiq iş aparılır. Azərbaycanda sahibkarlığın inkişafına son vaxtlar xüsusi əhəmiyyət verildiyini qeyd edən M.Musayev hal-hazırda ölkəmizdə əlverişli biznes mühitinin formalaşdığını da qonaqların diqqətinə çatdırıb.
ASK-nın prezidenti bildirib ki, Azərbaycanla Hindistan iş adamlarının bir araya gətirməkdə əsas məqsəd iki ölkənin biznes strukturları, ticarət və investisiya sahələrində fəaliyyət və gələcək əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyır. İki ölkənin iş adamlarının qarşılıqlı fəaliyyətinin rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcəyinə ümid etdiyini deyən M.Musayev bu tədbirin ölkəmizdə idxal və ixracla bağlı mövcud vəziyyəti canlandıracağına inandığını da dilə gətirib. Hindistanlı iş adamlarını azərbaycanlı həmkarları ilə qarşılıqlı əməkdaşlığa dəvət edib. Bildirib ki, biznes sahəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin əldə olunması, müştərək müəssisələrin yaradılması istiqamətində birgə əməkdaşlıq faydalı ola bilər. Hindistanın informasiya texnologiyaları sahəsində qabaqcıl ölkə olduğunu deyən M.Musayev bu sahədə imkanlarını dəyərləndirməyi iş adamlarına tövsiyə edib.
Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana belə görüşlərin gələcək əlaqələrin inkişafına müsbət təsir edəcəyini bildirərək qeyd edib ki, Hindistan və Azərbaycan arasında çoxəsrlik tarixi əlaqələr və mədəni oxşarlıqlar mövcuddur. Biznes mübadiləsi iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafına xidmət edəcək.
Tədbirdə Hindistan səfirliyinin ikinci katibi və ticarət departamentinin başçısı Norbu Negi “MAKE İN İNDİA”, “ASK Biznes Konsaltinq” MMC-nin direktor müavini Nurlan Quliyev isə “Azərbaycanda investisiya imkanları” mövzusunda təqdimatlarla çıxış ediblər.