CƏMİYYƏT
Hindistanlı skaut: Azərbaycanlılar çox qonaqpərvər və mehribandırlar VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycan kimi gözəl bir ölkəyə səyahət etməkdən çox şadam. İnsanlarınız çox qonaqpərvər və mehribandırlar. Burada gördüklərimiz biz skautlarda unudulmaz hisslər yaradıb. Hamımız ölkələrimizə gözəl təəssüratlarla qayıdacağıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 41-ci Dünya Skaut Konfransının hindistanlı iştirakçısı Singh Guman deyib.
Qonaq bildirib ki, Bakı konfransı hətta onların gözlədiklərindən də yüksək səviyyədə təşkil olunub. Burada skautinqin gələcək inkişafı ilə bağlı çox səmərəli müzakirələr aparılır. Son illərdə skaut hərəkatının artan önəmini nəzərə alsaq bu müzakirələrin çox əhəmiyyətli olduğunu deyə bilərik.
“Bakıda bir çox insanlarla əlaqələr qurduq, Azərbaycanla yanaşı, digər ölkələrdən yeni dostlar qazandıq. Burada apardığımız fikir və təcrübə mübadilələri gələcəkdə fəaliyyətimizi daha yaxşı təşkil etməyə imkan yaradacaq”, - deyə Singh Guman qeyd edib.
Hindistanlı skaut Bakıda konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.